Nizami küçəsi 11, Naftalan, Azərbaycan
Sun City Hotel & Spa Naftalan Naftalan kurortunun şimal hissəsində, Gəncə Beynəlxalq Hava Limanından təxminən 63 km məsafədə yerləşən müasir dördulduzlu oteldir. 2023-cü ilin may ayında fəaliyyətə başlayan otel şəhərin ən yeni istirahət və müalicə komplekslərindən biridir.
Oteldə ümumilikdə 96 komfortlu nömrə mövcuddur. Qonaqlar Superior, Deluxe Queen, üçnəfərlik və ailəvi suit kateqoriyaları arasından seçim edə bilərlər. Əvvəlcədən razılaşdırıldığı halda nömrələrə əlavə yataq yerləşdirilməsi də mümkündür.
Otelin wellness mərkəzində türk hamamı, fin saunası, buxar otağı, qapalı və mövsümi açıq hovuzlar, həmçinin müasir trenajor zalı fəaliyyət göstərir. Bu xidmətlər oteldə qalan qonaqlar üçün ödənişsiz təqdim olunur.
Uşaqlı ailələrin rahatlığı üçün otelin ərazisində oyun meydançası, daxildə isə xüsusi uşaq guşəsi yaradılıb. Valideynlərin müalicə və spa prosedurları zamanı uşaqlara nəzarət xidməti də mövcuddur.
Sun City Hotel & Spa Naftalan qonaqlara zəngin qastronomik seçim təqdim edir. Restoran, hovuz barı, lobby bar və vitamin barda Azərbaycan, türk, Avropa və beynəlxalq mətbəxin müxtəlif yemək və içkilərini dadmaq mümkündür. İstirahət paketindən asılı olaraq gündə iki və ya üç dəfə açıq bufet formatında qidalanma təqdim edilir.
Otelin öz tibbi mərkəzi fəaliyyət göstərir və burada müalicəvi, sağlamlaşdırıcı və spa prosedurlarının geniş çeşidi təqdim olunur. Qonaqlar qəbuldan sonra qan və sidik analizləri verir, EKQ müayinəsindən və baş həkimin ilkin baxışından keçirlər. Müalicə və prosedur proqramı müayinələrin nəticələrinə əsasən fərdi şəkildə hazırlanır.
Naftalan nefti ilə müalicə üçün qadın və kişilər üçün ayrıca bölmələr yaradılıb. Hər bölmədə 12 xüsusi Naftalan vannası mövcuddur. Tibbi mərkəz müasir avadanlıqla təchiz edilib və ənənəvi Naftalan terapiyasını müasir sağlamlıq xidmətləri ilə birləşdirir.
Otelin həyətində yaşıllıqla əhatə olunmuş park, istirahət üçün besedkalar və uşaq meydançası yerləşir. Mövsümi açıq hovuzun yanında bar fəaliyyət göstərir, müəyyən günlərdə canlı musiqi, DJ proqramları və müxtəlif əyləncə tədbirləri təşkil olunur.
Qonaqlara Gəncə hava limanından ödənişsiz transfer xidməti də təqdim edilir.
Sun City Hotel & Spa Naftalan — Nizami küçəsi 11, Naftalan, Azərbaycan